Niyazi Bayramov tibb müəssisələrində olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına hansı səviyyədə əməl olunduğu ilə yerində tanış olub. İcra başçısı şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalara baş çəkib, buradakı vəziyyətlə maraqlanıb. Tibbi personalla görüşən şəhər rəhbəri, pasientlərlə də profilaktik söhbət aparıb.
Niyazi Bayramov bildirib ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar uğurlu nəticələr verir. Bu işdə heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Məhz buna görə də tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına və sanitar-gigiyenik normalara əməl edilməsi olduqca vacibdir.
Şəhər rəhbəri tibbi personalla yanaşı, pasientlərin də tibbi maskadan istifadə etmələrinin vacibliyini vurğulayıb. O, müayinə və müalicə üçün tibb müəssisələrinə gələn vətəndaşların tibbi maska ilə təmin olunması üçün müvafiq tapşırıqlar verib. Həmçinin Niyazi Bayramov Gəncə şəhər Səhiyyə İdarəsinə xüsusi mobil qrupların yaradılmasını tapşırıb. Həmin mobil qruplar tibb müəssisələrində mütəmadi monitorinqlər aparacaqlar. Xəstəxana və poliklinikaların bütün girişlərində xüsusi dezinfeksiya edici məhlulların yerlşdirilməsi istiqamətində də göstəriş verilib. Bu işin icrası isə növbətçilik əsasında Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarına tapşırılıb.
Niyazi Bayramov əhalinin sağlamlığının keşiyində məsuliyyətlə dayanan tibb işçilərinə öz minnətdarlığını bildirib, xüsusi karantin rejimi qaydalarına daha ciddi əməl olunması istiqamətində öz tövsiyyələrini verib.