Gəncədə Aşura günü
İmamzadə ziyarətgahında aparılan genişmiqyaslı quruculuq işləri məhərrəmlik mərasiminin, Aşura gününün yüksək səviyyədə təşkilinə mane ola bilməmişdir. Quruculuq işləri ilə əlaqədar müvəqqəti olaraq bağlanmış türbə şəhər rəhbərliyinin yaxından köməyi ilə qısa müddətdə qaydaya salınaraq ziyarətçilərin ixtiyarına verildi. Belə ki, yeddi gün müddətində ziyarətçilər bu müqəddəs qəbri ziyarət etmək imkanı qazanmışlar.
Məhərrəmlik dini ayin deyil, mərasimdir və bu mərasim insanların İmam Hüseynə olan hörmət və sevgisindən qaynaqlanır. Ötən illərdən fərqli olaraq bu məhərrəmlik mərasimində ifratçılığa yol verilmədi. Aşura günündə şəhərdə qışqıra-qışqıra yol gedənlər, səs-küy yaradanlar, zəncir vuranlar yoxdur. Axı, Qurani-Kərim özünə zülm etməyi, özünə əzab verməyi bəyənmir. Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da bu məsələ öz əksini tapmışdır. Şəhər rəhbərliyi bu yeniliklərə nail olmaq üçün qadağanlara deyil, maarifləndirməyə üstünlük verib. İndi bir çox hallarla vahimə yarada biləcək əməllər yerli-dibli aradan qaldırılıb. Bunun əvəzində isə məscidlərdə, ibadət ocaqlarında Aşura günü çox yüksək səviyyədə keçirilir.
İmamzadə ziyarətgahında qələbəlik olsa da, hər şey normal şəkildə təşkil olunub. Şəhər rəhbərliyinin göstərişi ilə burada 10-dan artıq su maşını, həkim briqadaları, digər xidmət obyektlərinin nümayəndələri ziyarətçilərin xidmətindədir. Şəhər icra hakimiyyəti, eləcə də xeyriyyəçilər tərəfindən qurulmuş çadırlarda ehsanlar verilir.
Artıq 2 ildən çoxdur ki, gəncəlilər Aşura günündə keçirilən qanvermə aksiyalarında örnək olaraq böyük həvəslə iştirak edirlər. Qan verənlərdən biri, sürücü Tural Zeynalov bildirdi ki, bu aksiyada iştirak etməklə insan həyatını xilas etmək mümkündür: «Xəstəxanalarda gözü yolda olan, qan gözləyən, ehtiyacı olanlara kömək edilməsi imandandır, ibadətdir» – dedi.
Artıq yüzlərlə insan qanvermə aksiyasında iştirak etmişdir.
İmamzadə ziyarətgahında, yuxarıda qeyd etdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə genişmiqyaslı quruculuq işləri gedir. Bunu müxtəlif yerlərə vurulmuş və üzərinə «Müvəqqəti çətinliyə görə üzr istəyirik» sözləri yazılmış lövhələr də bir daha təsdiq edir. Lakin burada yaradılan şərait müsəlmanlar üçün çox müqəddəs olan məhərrəmlik mərasiminin, Aşura gününün yüksək səviyyədə keçirilməsinə mane ola bilmədi. Çünki ziyarətgahda ziyarətçilər üçün hər cür şərait yaradılmışdır.
Hazırda İmamzadədə asayiş qaydalarına əməl olunmaqla Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunur.