Gəncədə möhtəşəm sərgi keçirildi
Gəncənin Baş meydanında Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş sərgi keçirilmişdir. Şəhərin ali təhsil müəssisələrinin, orta ixtisas məktəblərinin, təşkilat və birliklərin qatıldığı bu sərgidə qədim məişət əşyaları, Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yağlı boya ilə işlənmiş portretləri, əsərlərinə çəkilmiş illüstrasiyalar, qədim xalça və kilim nümunələri nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgidə nümayiş etdirilən eksponatlarla tanış olduqdan sonra bildirmişdir ki, bu qəbildən olan silsilə tədbirlər ilk Azərbaycan şairəsi, ilk şahmatçı və ilk musiqiçi qadın Məhsəti Gəncəvinin dekabr ayında keçiriləcək yubiley tədbirinə hazırlıq məqsədi daşıyır. İcra başçısı sərgidə nümayiş etdirilən eksponatların Gəncənin tarixini əks etdirən sənətkarlıq nümunəsi olması ilə yanaşı, onun şəhər mədəniyyətinin bir göstəricisi olduğunu qeyd etmişdir.