Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Şəxsi mənafeyi ictimai mənafedən üstün tutanlar cavab verməli olurlar

13 may 2020 | 16:00

Böyük bir sürətlə dünyanı bürüyən koronavirus COVID-19 bəlası hələ də can almaqda davam edir. Güclü sayılan ölkələri belə aciz duruma düşürən bu virus insanlara yeni yaşam şərtləri diqtə edir. Azərbaycanın təcrübəsi göstərdi ki, indiki halda bu virusdan qorunmağın yolları mövcuddur. Yetər ki, buna əməl edilsin, qoyulan qaydalara riayət olunsun.

Etinasızlığın acı nəticələri göz qabağındadır. ABŞ, İspaniya, İtaliya, Fransa və Almaniya kimi böyük dövlətlər çıxılmaz vəziyyətə düşüblər. Beləliklə pandemiyanın miqyası getdikcə daha da böyüyür.

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Prezident İlham Əliyevin diqqəti və nəzarəti ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə pandemiyanın vəziyyəti nəzarətə alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Xüsusi karantin rejiminin elan olunması xalqa qayğının bariz nümunəsi olmaqla yanaşı, həm də onun sağlamlığının qorunması istiqamətində atılan ən böyük addımlardan biridir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmaması məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsidir. Bu baxımdan hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmalıdır. Lakin dövlətin bu sahədə apardığı işlərə etinasız yanaşanlar, öz şəxsi maraqları naminə görülən işlərə yardımçı olmaq əvəzinə ona mane olanlarla da rastlaşmaq təəssüf hissi doğurur.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvət tələb olunması hallarına yol verməsi, hətta ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsi faktı cəzasız qala bilməzdi.
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev də vəzifəli şəxslərin səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurmaları, hətta ictimai işlərə cəlb olunan vətəndaşların əmək haqqı kartlarının müxtəlif adlar altında mənimsəməsi faktı öz təsdiqini tapdı.
Bütün bu hallar ictimailəşdiriləndən və cinayət işi başlanandan sonra gözləmək olardı ki, bu qəbildən olan qanunsuzluğa, tamah məqsədilə mənimsəmə hallarına yol verilməyəcəkdir. Lakin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə İcra nümayəndəsi Məhərrəm Əhmədovun müvafiq kateqoriyalara aidiyyatı olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyərək arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr öz təsdiqini tapıb.

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov da ona göstərilən etimaddan sui-istifadə edərək xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi və aşkar olunan digər faktlar göstərir ki, şəxsi mənafeyi ictimai mənafedən üstün tutanlar qanun qarşısında cavab verməli olurlar. İndi hər iki məsələ ilə bağlı zəruri-istintaq əməliyyat tədbirləri davam etdirilir və onlar layiqli cəzalarını alacaqlar.
Azərbaycan Prezidenti İlham Əliyevin atdığı mötəbər addımlar, ən ağır zamanlarda öz xalqının yanında olması bizim hər birimizdə sonsuz minnətdarlıq hissi yaradıb. Prezidentin geniş dünya görüşünə və dərin təfəkkürünə əsaslanan qərarları, xalqın sağlamlığının qorunması və təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar artıq öz nəticəsini verir. Azərbaycanın pandemiyadan minimum ziyanla çıxacağına ümidimiz böyükdür. İnsanların sağlamlığının qorunması istiqamətində gördüyü işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Prezident daim öz xalqını düşünür və hər bir vətəndaşın qayğısına qalır. Bu, Vətənini, xalqını, insanları sevməyin ən bariz nümunəsidir.

 

Rəfiqə Sadıqova - "Gəncənin səsi" qəzetinin baş redaktoru 

Keçidlər