Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan xalqı AŞPA-ya olan ümidini itirir

09 iyun 2020 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2020-ci il tarixində Tərtər rayonundakı idman kompleksinin açılışında, ictimaiyyət qarşısındakı çıxışında, AŞPA-nın Ermənistanla müqayisədə Azərbaycana qarşı tam qərəzli mövqe tutduğunu bildirdi və bununla əlaqədar olaraq bir sıra məsələlərə aydınlıq gətirdi. AŞPA – Azərbaycan münasibətlərinə diqqət çəkən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən dəfələrlə pozulduğunu bildirdi. Cənab prezident bu qərəzli münasibəti böyük dəqiqliklə Azərbaycanafobiya və İslamafobiya adlandırıb.

            Ümumiyyətlə AŞPA-nın və ya hamısını günahlandırmaq istəmədiyim avropalıların erməni məsələsində Azərbaycana qarşı qərəzli mövqeyinin tarixi daha qədimdir və deyəsən artıq xroniki hal alıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, bölgədəki müsəlmanları zorla köçə və qırğınlara məruz qoyaraq kilsəni ön plana çəkməklə xristianlığın qabardılması prezidentin ifadə etdiyi Azərbaycanafobiya və İslamafobiya ifadələrinə tam uyğun gəlir. XX əsrin əvvəllərində dəfələrlə azərbaycanlılara qarşı soyqırımların təşkil olunmasında müxtəlif vasitələrlə rol oynayan, Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanımayaraq onun sərvətlərinə və ərazilərinə göz dikən, lazımi məqamlarda AXC-ni dəstəkləməyərək milli hökumətin süqutuna zəmin yaradan da avropalılar idi, yüz il sonra AŞPA-da təmsil olunanlar da. Azərbaycana qarşı qərəzli mövqe deyəsən onlara əcdadlarından miras qalıbdır.

            Tərtərdəki çıxışında dövlət başçısı öncə irsimizə sahib çıxmağın zəruri olduğunu bildirib. 1918-ci ildə baş verən hadisələrə münasibət bildirən Prezident tarixdə baş verənlərdən ibrət götürməli olduğumuzu qeyd edib. 1918-ci ildə İrəvanı ermənilərə Azərbaycanın digər ərazilərinə iddia etməsinlər deyə güzəştə getdik. Amma onlar öz məkirli niyyətlərindən əl çəkmədilər. Ermənistanın hazırki ərazisi bütövlükdə Qərbi Azərbaycandır. Ermənilər indidə işğal etdikləri Qarabağ ərazisində və ətraf rayonlarda ikinci erməni dövləti yaratmaq istəyirlər. Amma biz buna yol verə bilmərik. 

      Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri var. Amma çox təəssüf ki, Ermənistan indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələbləri yerinə yetirməyib, hələ də torpaqlarımız işğal altındadır. Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, hətta bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” seçdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər. Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı.  Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir?  Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə, onun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması rəyi mövcuddur.

            Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” beynəlxalq hüquqa zidd olmaqla bərabər, həm də koronavirus pandemiyası ərəfəsində keçirildi. Əslində digər beynəlxalq təşkilatlardan da öncə məhz Avropa Şurası bu qondarma “seçkilər”i tanımadığı barədə bəyanat verməli idi. Digər tərəfdən, dünyanın faşizm ideologiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın paytaxtında Hitlerlə yaxından əməkdaşlıq edən, dinc insanlara qarşı kütləvi qırğınlarda iştirak edən Qaregin Njdeyə böyük bir abidə qoyulub. Avropa məkanında bu kimi hallara qarşı qəti mövqe ortaya qoyan Avropa Şurası Ermənistanda Qaregin Njdeyə böyük bir abidə qoyulması qarşısında da susur. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, buna münasibətdə də ikili standartlar nümayiş etdirilir.

            Düşünürəm ki, bütün bu sadalanan səbəblərdən Azərbaycan xalqı Avropa Şurasına olan ümidlərini get-gedə itirir: Zənnimcə Azərbaycan kimi iqtisadi və siyasi tərəfdaşını itirməmək üçün Avropa Şurası fəaliyyətini gözdən keçirməli, Azərbaycana qarış ədalətli mövqe sərgiləməlidir.

 

Şahmar Həsənov

Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi

 

Keçidlər