Ölkədə pandemiya ilə bağlı ciddi tədbirlər həyata keçirilir
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da çox ciddi tədbirlər görülüb. COVID-19 virusunun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ yanvar ayından ölkəmizdə həyata keçirilən zəruri qabaqlayıcı və səmərəli tədbirlər öz effektini göstərdi. Azərbaycanda pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar nəticəsində ölkədə COVID-19-la bağlı vəziyyət nəzarət altına alınıb və insanların koronavirusa kütləvi yoluxma hallarının qarşısının alınmasına nail olunub.
Artıq ölkəmizdə tətbiq edilən karantin rejimi də mərhələ-mərhələ yumşaldılır. Amma COVID-19 xəstəliyi uzunmüddətli bir prosesdir. Bu səbəbdən də hazırda mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci ildə Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi fikirlər bunu bir daha aktual edir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Prezidentin dediyi kimi “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıb.” Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb.
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. Mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək. Pandemiyaya qarşı mübarizədə 10 xəstəxana tikilməlidir, bunların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm.
Ölkə başçısı deyib ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm. Hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.
Azərbaycan koronavirus pandemiyasına qarşı sadəcə regionda öndə gələn dövlət deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Ölkə başçısının dediyi kimi bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq. Koronavirus pandemiyasına qarşı mübarizədə artıq bəzi məhsullar Azərbaycanda istehsal edilir. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində.
Azərbaycan cəmiyyəti pandemiyaya qarşı mübarizədə əsasən qayda və qanunlara əməl edir, sağlamlıqlarını qoruyur. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.
Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib. Eyni zamanda, biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar.
Açılış mərasimində ölkə başçısı daha bir məsələni də diqqətə çatdırıb. “Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib.”