Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

MİLLİ ORDU GÜVƏNC YERİMİZ, QÜRUR MƏNBƏYİMİZDİR

29 iyun 2020 | 16:00

Prof.Azad Mustafa oğlu Bayramov

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə şəhəri

     Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir.

Çar Rusiyası dövründə azərbaycanlıların hərbi mükəlləfiyyətdən azad edilməsində bir hiylə, məqsəd var idi. Bu yolla xalqımız hərbi ənənələrini yadırğayırdı. Çarizm istəmirdi ki, milli respublikalarda hərbin nə olduğunu bilsinlər. Sovet dövründə isə azərbaycanlı gənclər əsasən tikinti-inşaat taborlarında, müasir hərbi texnikanın olmadığı, taktiki döyüş təlimlərinin aparılmadığı yerlərdə hərbi xidmət keçirdilər. Təbii ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilirdi.

 Azərbaycanda nizami ordunun yaradılmasına ötən əsrin əvvəllərindən başlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. Lakin o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün realşəraitin yaradılması dahi rəhbərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Bundan başqa, ulu öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.

Azərbaycanda milli ordunun formalaşdırılması prosesi ötən əsrin ötən əsrin 90-cı illərinə təsadüf edir. Bu, həmin dövr idi ki, Sovet imperiyası dağılmış, Azərbaycan yenicə müstəqillik qazanmışdı. Lakin müstəqilliyin ilk illərində müstəqilliyin əsas təminatçısı olan milli ordu yaradılmadı. Pərakəndə hərbi birləşmələr düşmən hücumlarının qarşısında aciz qalmış, Azərbaycan əraziləri işğal olunmuş, müstəqilliyimiz təhlükə altına salınmışdı.

     Xalq Cəbhəsi dövründə baş verən fikir ayrılıqları, çəkişmələr, silahlı qarşıdurmalar Milli Ordumuzdan yan keçməmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı.

      Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da xilaskarlıq missiyasını yerinə yetirdi. Tezliklə ölkədə hərc-mərcliyə son qoyuldu, qeyriqanuni silahlı birləşmələr ləğv edilərək vahid komandanlığa əsaslanan milli ordu yaradıldı, cəbhədə atəşkəsə nail olundu. Əldə olunan sabitlik isə ölkə iqtisadiyyatını gücləndirməyə zəmin yaratdı. Bunun da müqabilində müasir ordu quruculuğu prosesi geniş vüsət aldı. Tezliklə ayrı-ayrı qoşun növləri üzrə ixtisaslaşmış hərbi hissələr yaradılaraq sistemləşdirildi. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı illər ötdükcə daha da yaxşılaşdırıldı,şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi. Ərazi bütövlüyünün təminatçısı olan ordunun formalaşdırılması ixtisaslı hərbi kadrların hazırlanmasından başlayır. İstər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirən, gənc hərbçilərin yetişdirilməsi istiqamətində konkret tədbirlər görən ümummilli liderimizin rəhbərliyi ilə ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı. “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”, – deyən ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Bu gün artıq Silahlı Qüvvələrimizin sülhməramlıları müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.

     Ulu öndərin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. “Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

        Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 4 günlük müharibə kimi tarixə düşən bu döyüşlərdə ordumuz Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi.Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

      Azərbaycan Ordusunun daha bir uğuru 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

       Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycan Ordusuna xüsusi diqqət və qayğı göstərir. Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişlər verir, hərbçilərimizin göstərdikləri igidlikləri daim yüksək qiymətləndirir. Bunun bariz nümunəsi  kimi, Prezident İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında imzaladığı sərəncamları qeyd etmək yetərlidir.

       Bu gün Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır. Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir.

Keçidlər