Gəncədə sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 9 şəhər və rayonunda, o cümlədən Gəncədə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunur. Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılar nəzərə alınaraq, Gəncədə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovun iştirakı ilə növbəti reyd baş tutub. Niyazi Bayramov və Əkbər İsmayılov şəhərdə fəaliyyət göstərən iri market və mağazalara baş çəkib, qeyd olunan məkanlarda sərtləşdirilmiş karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Şəhər rəhbərliyi apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanıb.
Reyd zamanı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də söhbət aparılıb və tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb. Bununla yanaşı polis tərəfindən sakinlərin çölə çıxmaq üçün müvafiq icazələri yoxlanılıb, ayrılan 2 saatlıq vaxtdan sui-istifadə etməmək tövsiyyə olunub. Sərtləşdirilmiş karantin rejiminin qaydalarına uyğun olmayaraq, icazəsiz çölə çıxan şəxslər barəsində isə müvafiq qaydada tədbir görülüb.
Niyazi Bayramov Əkbər İsmayılovla birlikdə iş başında olan polis əməkdaşları ilə də görüşüb. Şəhər rəhbəri fürsətdən istifadə edərək, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılovu və şəhərdə xidmət edən polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar azulayıb.
Gəncədə reyd və maarifləndirmə işləri ilə yanaşı tibbi-profilaktiki tədbirlər də davam etdirlir. Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində həyata keçirilən dezinfeksiya işlərinin həcmi genişləndirilib. Əsas küçə və prospektlər su çiləyici avtomobillər vasitəsilə xüsusi kimyəvi məhlulla mütəmadi yuyulurlar. Səkilərdə, park və meydanlarda, çoxmənzilli yaşayış binalarının həyətlərində, habelə obyektlərin qarşısında tibbi-profilaktiki işlər görülür.
Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da həyata keçirilir. Belə ki, ötən gün axşam saatlarında Koronavirusa Qarşı Mübarizə Qərargahı və Gəncə Baş Polis İdarəsinin səlahiyyətli şəxslərinin iştirakı ilə 3 istiqamətdə reyd reallaşıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis-polkovniki Oktay Süleymanlı şəhərin müxtəlif ərazilərində olub, sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Reydlər əsasən şəhərin mərkəzi küçələri, çoxmənzilli binaların həyətləri və parklarda aparılıb.