Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

AZƏRBAYCAN-BMT ƏLAQƏLƏRİ YENİ MÜSTƏVİDƏ

14 iyul 2020 | 16:00

Prof.Azad Mustafa oğlu Bayramov

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə şəhəri

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edilməsini tarixi hadisə kimi xarakterizə edilməlidir. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçildi.

Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir.

Azərbaycan-BMT əlaqələrinə Təhlükəsizlik Şurası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli aspektlərində nəzər salmaq aktualdır. 1992-ci ildən başlayaraq  BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən addımlar atıb.

Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm BMT sənədləri Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilir.

1992-1996-cı illər ərzində BMT Təhlükəsizlik Şürasının  sədrləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış etmişlər.

BMT Baş Assambleyasında 2006 və 2008-ci illərdə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul olunmuşdur. Bu qətnamələrdə Azərbaycan ərazi bütövlüyünə dəstək ifadə edilmişdir.

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir.

İnkişaf və əməkdaşlıq BMT-nin əsas məqsədlərindən biridir. Dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi və sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılmışdır.

Azərbaycan 2014-cü ildə Gənclər siyasəti üzrə I Qlobal Foruma və 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir.

Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir.

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva iştirak etmişdir.Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edərək bildirdi: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.”

Azərbaycan-BMT əlaqələri daim müsbət istiqamətdə davam etdirilməkdədir. Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının 130-dək üzv dövləti Azərbaycana etimad göstərir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadının və hörmətinin daha bir əyani göstəricisidir.

Dünyada koronavirus pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən COVID-19-a qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən koronavirus bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Bu gün dünyada ən böyük və ən nüfuzlu beynəlxalq təşkilat BMT-dir. Azərbaycanın isə BMT-ni idarə etmək təcrübəsi var, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və Təhlükəsizlik Şurasına sədrlik edib.

Komitə sədri bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olduğunu xatırladaraq bildirmişdir: “Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olacağı həm gözlənilən, həm də, açığını desək, bir xeyli gözlənilməzdi. Ona görə gözləniləndir ki, Azərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi, bir işğalçı ölkə olmaq etibarı ilə Ermənistanı narahat edir. Ona görə gözlənilməzdir ki, bütün dünya “COVID-19”a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş oldu. Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bu da, demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir”.

Həyata keçirilən əməkdaşlıq proqramları göstərir ki, BMT ilə əlaqələrin böyük perspektivləri var və heç şübhəsiz, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

 

Keçidlər