Azərbaycan xalqı hər zaman dövlətinə arxalanir və Prezidentinin yanındadır
Məlum olduğu kimi 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulmuş, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilmişdir. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Qeyd etmək lazımdır ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Hamıya yaxşı məlumdur ki, bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs etdirir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının bozulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Elə belə bir vaxtda Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanmışdır.
Lakin Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dünyanın 130-dan çox ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycana fobiyanın hansı həddə çatdığını göstərir.
Qeyd etmək lazımdır kiaprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub.
İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.
Hazırda Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
Təssüflə demək lazımdır ki, bu döyüşlərdə Azərbaycan Ordusunun bir neçə igid oğlu da qəhrəmancasına şəhid oldu. Onları boya-başa çatdıran valideynləri övladlarının şəhid olmaları ilə fəxr etdiklərini fərəhlə dilə gətirir, lazım gəlsə Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə torpaqlarımızın azad olunması üçün onlar da döyüşə atılmağa hazır olduqlarını diqqətə çatdırırlar.
Düşmənə nifrət müqəddəs hissdir. Həqiqi nifrət üçün isə fədakarlıq zəruru şərtdir. Bu gün qəlbində düşmənə qarşı nifrət bəsləyən Azərbaycan ordusunun hər bir əsgəri və zabiti torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmağı, ulu babalardan ona əmanət olan bu torpağı göz bəbəyi kimi qorumağı özünün vətəndaşlıq borcu hesab edir.
Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti