Gəncədə vətəndaşların səyyar qəbulu keçirilib
Gəncənin xeyirxahı və quruculuğun böyük himayədarı Prezident İlham Əliyevin 2011-ci il 13 dekabr tarixli qanununa müvafiq olaraq Gəncədə 5 yaşayış məntəqəsinə qəsəbə statusu verilmişdir. Bu yaşayış məntəqələrindən biri olan Sadıllı əhalisinin sayına görə ən böyük qəsəbələrdən sayılır. Qəsəbədə geniş quruculuq işləri aparılmış, ərazi asfaltlaşdırılmış, yeni səkilər salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Dekabrın 10-da insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qəsəbə sakinləri ilə səyyar görüş keçirdi.
İcra başçısı səyyar qəbula toplaşanları salamladı və bildirdi ki, vətəndaşların ərizə və şikayətləri ilə tanış olmaqdan ötrü təşkil olunan bu səyyar qəbul onlarla canlı ünsiyyət qurmaq üçün ən yaxşı vasitədir. İcra başçısının adamları böyük səbr və diqqətlə dinləməsi sakinlərdə inam hissini artırdı və hər kəs onu narahat edən problemlər barəsində danışdı.
Sakinlər qəsəbədə işıq, qaz, su təminatının normal təşkilinə, yolların abadlaşdırılmasına görə minnətdarlıqlarını bildirdilər. Dedilər ki, qəsəbədə aparılan quruculuq işləri onlarda haqlı qürur hissi yaradır və hər kəsin ürəyincədir. Lakin təqaüdçülərin rahatlığını təmin etmək üçün qəsəbənin daxilində bankomatların quraşdırılmasına ehtiyac duyulur. Digər çıxış edənlər də onları narahat edən problemlərdən danışdılar. Qəsəbə daxilində poçt, uşaq bağçasına ehtiyac duyulduğunu bildirdilər. Eyni zamanda marşrutların intensivliyini artırmaq məqsədi ilə müraciətlər oldu.
İcra başçısı sakinləri diqqətlə dinlədi, problemlərin yerindəcə həll edilməsi üçün idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Problemlərindən danışan sakinlər səyyar qəbulu inamla tərk etdilər. Çünki bundan əvvəlki görüşlərdə də icra başçısı sakinləri diqqətlə dinləmişdi və qaldırılan problemlər, çatışmazlıqlar tezliklə öz həllini tapmışdı.