Gəncə şəhər və Kəlbəcər rayon rəsmiləri məcburi köçkünlərə baş çəkiblər
Bir müddət əvvəl Gəncədə yağan güclü yağışın yol açdığı fəsadlar aradan qaldırılır
Niyazi Bayramovun tapşırığına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Gülüstan yaşayış massivində məskunlaşan məcburi köçkünlərə baş çəkiblər.
Məlum olduğu kimi, bir müddət əvvəl Gəncədə yağan güclü yağış nəticəsində şəhərin Gülüstan yaşayış massivində, Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı AKTA 6 adlanan ərazidə 20-yə yaxın evə və 2 yataqxanaya ziyan dəyib. Güclü yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb və yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Hazırda ərazidə bərpa işləri aparılır, yataqxanaların dam örtüyü təmir edilir.
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin baçısı Nizami Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Gəncə şəhər şöbəsinin müdiri Rafiq Həsənov və digər aidiyyəti qurumların rəhbərləri sözügedən ərazidəki mövcud vəziyyət və görülən işlərlə yerində tanış olublar.
Rəsmilər məcburi köçkünlərlə söhbət aparıb, onların məişət qayğıları və sosial problemləri ilə də maraqlanıblar. Səslənən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Kəlbəcərdən olan məcburi köçkünlər göstərilən diqqət və qayğıya, habelə yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində aparılan işlərə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.