Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycanda sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir

24 iyul 2020 | 16:00

 

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Bu gün dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 

İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.

2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu il 7 mindən çox məcburi köçkün ailəsi də mənzillərlə təmin ediləcək.

Qeyd etmək yerinə düşər ki, özəl sektor bu sahədə fəallıq nümayiş etdirir. Bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən isə Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb.

Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, həm də dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən qayğının əlamətidir.

Azərbaycanda sosial sahədə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir ki, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Ötən il şəhid ailələrinin müavinəti 20 faiz artırılaraq, 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər də 50 faiz artırılıb. Bununla yanaşı bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı isə 25 faiz artıb. İlin sonunadək  90 min insanın ödənişli ictimai iş yerləri ilə təmin edilməsi nəzərdə tutulur.

Pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Bununla yanaşı pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

Bütün bu və digər sosial layihələr sözsüz ki, vəsait tələb edir. Azərbaycanın vəsaitinin əsas hissəsi isə təbii ki, enerji sektorundan gəlir. Bu da Ümummilli lider Heydər Əliyevin neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olub. Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Azərbaycan məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaradıb, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyulur.

 

 

Keçidlər