ADAU-da 15 Sentyabr – Bilik Günü qeyd olunub
15 Sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tədbir keçirilib.
Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinici müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov və universitetin kollektivi iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra torpaqlarımzın bütövlüyü uğrunda canlarında keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.
Universietin rektoru Zəfər Qurbanov çıxışında bildirib ki, bu il Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul planı son 10 ildə ən yüksək göstəricisinə çataraq 94.77% olub. Bu da ölkəmizin yeganə aqrar yönümlü ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetinə abituriyentlər tərəfindən marağın günbəgün artdığının, göstərilən dövlət qayğısının öz nəticələrini verdiyinin bariz nümunəsidir.
Səməd Tomuyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayıb. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu elm və təhsil siyasətindən danışıb. Həyata keçirilən bütün zəruri tədbirlərin Azərbaycan gəncliyini işıqlı sabahlara aparacağını qeyd edən Səməd Tomuyev, tələbə və müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Recep Öztop çıxışında Türkiyənin ali təhsil müəssisələri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında olan əlaqələrdən danışıb və universitetin kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.
İlham Süleymanov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun təbrikini kollektivə çatdırıb.
Sonda ADAU-ya yüksək balla qəbul olan bir qrup tələbəyə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub.