AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil edilib
Azərbaycanın ictimai və ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndələrindən biri olan dahi Nizami Gəncəvinin şəxsiyyəti, irsi bütün dövrlərində Azərbaycan mütəfəkkirlərinin, şairlərinin, dövlət və ictimai xadimlərinin daim diqqətində olmuş və onun xatirəsi daim tutulmuş, yaradıcılığı həm ölkəmizdə, həm də ölkəmizdən kənarda ətraflı tədqiq edilmişdir.
Nizamişünaslıq elminin inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, bu sahənin müasir səviyyəyə yüksəlməsi xalqımız üçün heç də asan başa gəlməyib. Millətimizin görkəmli dövlət və və ictimai xadimlərinin, elm adamlarının fədakar elm adamlarının böyük zəhməti hesabına nizamişünaslıq dünya elmi şəklində formalaşmışdır ki, onun da mərkəzi Azərbaycandır.
Ötən əsrin əvvəllərində Məhəmməd Axundovun, Firudin bəy Köçərlinin, Salman Mümtazın, Əliabbas Müznibin və başqa ədiblərimizin Nizami Gəncəvi ilə bağlı apardıqları tədqiqatlar Azərbaycan nizamişünaslığının ilk təməl işlərindən idi. Belə ki, 1909-cu ildə M.Axundovun Gəncədə çap etdirdiyi “Şeyx Nizami” kitabı nizamişünaslıq tarixində dahi şairimizin irsinə verilən mühüm töhfələrdən idi. Yaxud Nizami Gəncəvinin əsərlərinin ana dilinə tərcümə olunmasına qarsı çıxan dairələrə F. B. Köçərlinin söylədiyi “İnsaf deyil ki, onun möcüznüma kəlamları Avropa dillərinə tərcümə olunub intişar tapsın, bizlər isə onu öz dilimizdə eşidib feyzyab olmaqdan məhrum qalaq”.
F.B.Köçərlinin toxunduğu bu məsələni S.Mümtaz da təqdir edir və ona özünəməxsus şəkildə münasibət bildirərək yazırdı: “Dahilik rütbəsini alan Nizami kimi bir nadireyi-dəhri dünya bəyənərək təqdir etdiyi kimi, hökumətimiz də təqdir və təhsin etmək istəyir. Azərbaycanın böyük oğullarını Azərbaycan Cümhuriyyəti təqdir etməyəcək, bəs kim edəcəkdir? Bu, hökumətimizin ən birinci vəzifəsidir ki, edir”.
XX əsrin 30-cu illərindən etibarən Nizami Gəncəvi irsinin təbliği və öyrənilməsi Azərbaycanda geniş vüsət almağa başladı. H.Araslı, M.Əlizadə, S.Vurğun, M.C.Paşayev, M.Ə.Rəsulzadə, Y.E.Bertels, M.Rəfili, M.S.Ordubadi, M.Rzaquluzadə və başqa alimlər Azərbaycan nizamişünaslığının öndə gedən simalarından idilər. 1941-ci ildə məlum şəraitdə həyata keçirilməsində böyük şərqşünaslarla yanaşı, Azərbaycan alimlərinin də böyük rolunun olduğu 800 illik Nizami Gəncəvi yubileyi özünə qədər və özündən sonrakı Nizami hadisələrinin içində müstəsnalıq kəsb etdi.
Ən mühümü də bu idi ki, yuxarıda adını çəkdiyimiz şəxsiyyətlər təkcə Nizami Gəncəvi irsini araşdırmır, eyni zamanda özlərindən sonrakı dövrlər üçün gənc nizamişünas alimlər yetişdirirdilər.
R.Əliyev, X.Yusifli, Ə.Səfərli, N.Araslı, N.Paşayeva, İ.Həbibbəyli, R.Hüseynov, N.Cəfərov, T.Kərimli, M.Hüseynova, Ə.Məmmədova, M.Kazımov, Z.Allahverdiyeva və başqa alimlərimiz məhz onların açdığı milli-ideoloji cığırla müasir Azərbaycan nizamişünaslığının inkişafını təmin etmiş oldular.
Azərbaycan nizamişünaslığının müasir, genişşaxəli inkişafı isə məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, keçən əsrin 80-ci illərində Ülu Öndər Nizami Gəncəvinin 840 illik yubileyində söylədiyi böyük məna daşıyan “Nizami Gəncəvi elə dahidir ki, onun yubileyi hər il keçirilməlidir” kəlamı Şeyx Nizamiyə olan milli münasibətin rəsmi, dövlət səviyyəsində ilk təzahürü idi.
Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin irsinin öyrənilməsi, təbliği və bu sahədə nizamişünas alimlərin yetişdirilməsi məqsədilə 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də “Nizami məqbərəsinin qorunması”, 1979-cu il yanvarın 1-də “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri” haqqında, 1981-ci il iyulun 28-də isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarlarının qəbul edilməsi onlarla nizamişünas ziyalıların yetişməsinə yol açdı. Eyni zamanda, bu gün dahi mütəfəkkirin yurdunda ucalan əzəmətli Nizami Gəncəvi Məqbərəsi Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri hesabına ərsəyə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamları nizamişünaslığın inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə yeni baxış, yeni istiqamət gətirdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilməsi, dünyanın böyük şəhərlərində adına abidələrin ucaldılması, böyük şairin vətənində muzeyin inşa edilməsi kimi mühüm fəaliyyətlər Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları işığında görülən işlərin ən mühüm tərkib hissəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, Prezidentimizin himayəsi altında Mərkəzin birbaşa təşəbbüsü ilə Nizami Gəncəvi ideyalarının işığında 2013-ci ildən ənənəvi olaraq Qlobal Bakı Forumunun keçirilməsi, Nizami Gəncəvi adına Qızıl Medalın təsis edilməsi, 2013-cü ildə akademik Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlaması müasir Azərbaycan nizamişünaslığının tarixi nailiyyətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın tələblərindən irəli gələrək, 2011-ci ildən həm Azərbaycan, həm də dünya alimlərinin elmi məqalələrinin nəşr olunduğu “Nizamişünaslıq” jurnalının da nəşrinə başlanılmışdır.
Ötən müddət ərzində 9 (doqquz) nömrəsi çap edilən jurnal 2022-ci ildən etibarən ildə iki dəfə olmaqla, müntəzəm nəşr edilir və hazırda onun 10-cu nömrəsi nəşrə hazırlanır.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəstəyi ilə “Nizamişünaslıq” elmi əsərlər jurnalı 2024-cü ildə Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartlarını almışdır.
Jurnalın redaksiya heyətində Azərbaycanın görkəmli nizamişünas alimləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Pakistan və digər ölkələrdə Nizami Gəncəvi irsinin tədqiqi ilə məşğul olan görkəmli alimlər yer almaqdadır.
Jurnalda Azərbaycanın müxtəlif elmi müəssisələrini təmsil edən alimlərlə yanaşı, Türkiyə, Özbəkistan, Pakistan , Rusiya, İran və digər ölkələrdən olan görkəmli alimlərin Azərbaycan, türk, ingilis və rus dillərində elmi əsərləri nəşr olunmuşdur.
“Nizamişünaslıq” elmi əsərlər jurnalı Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən “Filologiya elmləri və pedaqogika” ekspert şurasının müvafiq qərarı ilə 2024-cü ilin oktyabr ayından Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Bu böyük elm hadisəsi bu sahədə Gəncənin elm tarixində baş verən ilk böyük mühüm nəticədir.
Miqyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə elm abidəsi qoyulmaqla müqayisə ölçülən bu mühüm hadisə münasibətlə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin bütün kollektivi adından AAK-ın sədri, iqtisad elmləri doktoru, professor hörmətli Famil Mustafayevə və AAK-ın “Filologiya elmləri və pedaqogika” üzrə ekspert şurasının sədri, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynova (Mahirə Nağı qızı) başda olmaqla, bütün heyətə bizə göstərdikləri etimada görə minnətdarlığımızı bildirir və onların yüksək etimadlarını üzərimizə qoyulan böyük məsuliyyət kimi qəbul edirik.
Juranlın redaktoru AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filolgiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovdur.