AMEA-nın Gəncə Bölməsində 27 Mart - "Elm Günü"nə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Ölkənin, cəmiyyətin inkişafı, əsas təməl kimi daim elmə söykənir. Azərbaycan alimləri tarix boyu dünya elminə öz töhfələrini verməklə, millətimizin və dövlətimizin şərəfini uca məqamlara qaldırmış, xalqın, eləcə də bəşəryyətin tərəqqisinə xidmət etmişlər.
Müstəqil Azərbaycan Respublikasının inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il mart ayının 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə Bölməsi tərəfindən 27 mart – “Elm günü” münasibətilə elmi-praktik konfrans keçirilib. AMEA Gəncə Bölməsində keçirilən bu tədbirə şəhərin elmi ictimaiyyəti qatılıb.
Əlamətdar günə həsr edilmiş sərgidə Gəncə alimlərinin nailiyyətləri nümayiş olunub.
Elm Gününə həsr edilmiş elmi-praktik konfransda açılış nitqi ilə çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbərinin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında "Elm Günü" münasibətilə şəhər rəhbəri Niyazi Bayramovun təbrikini çatdıraraq, alimlərimizin müstəqilliyimizin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Elmi-praktik konfransıda AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov ”Gəncə qədim elm mərkəzi kimi”, Amea-nın Gəncə Bölməsinin sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova ”Gəncədə prioritet elm sahələri”, AMEA-nın Gəncə Bölməsi Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova ”Gəncədə böyük kitabxanalar”, AMEA-nın Gəncə Bölməsi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov ”Görkəmli elm xadimlərinin yubileyləri və monoqrafiyalarının təqdimatı” mövzularında məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın gedişində “Heydər Əliyev İli”nə həsr olunan “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qaliblərinə, eləcə də elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim edilib.
Konfransın iştirakçıları adından AMEA prezidenti, akademik İsa Həbibbəyliyə müraciət qəbul olunub.