Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

AMEA-nın Gəncə bölməsində 27 Mart – Elm Gününə həsr olunmuş konfrans keçirilib

27 mart 2024 | 17:06

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 27 Mart - Elm günü münasibətilə konfrans keçirilib.  AMEA-nın Gəncə bölməsində keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və şəhərin elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Konfransdan əvvəl AMEA-nın Gəncə bölməsində çalışan elm adamlarının nailiyyətlərinin nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev konfransı açıq elan edərək, Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə Respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, elmimizin səviyyəsinin yüksəldilməsinin ölkə rəhbəri cənab İlham Əliyevin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Akademik Fuad Əliyev həmçinin, Gəncə və Qərb bölgəsindəki tədqiqatların istiqamətləri haqda danışıb, elmi tədqiqat ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması məsələsinin vacibliyinə toxunub. 

Gəncə  Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Elm Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. O qeyd edib ki, Respublikamızın, o cümlədən Gəncə şəhərinin elmi potensialı olduqca yüksəkdir.  Adil Tağıyev həmçinin, Azərbaycanımızın tərəqqisində, çiçəklənməsində, habelə cəmiyyətin inkişafında elm adamlarının üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

Daha sonra Gəncə şəhərində fəaliyyət göstərən alim, mütəxəssis və tədqiqatçıların “Gəncənin maarifçi ədəbiyyatşünasları”, “İctimai elmlər üzrə fəaliyyət göstərmiş əslən gəncəli olan görkəmli elm xadimləri”, “Qərb regionunun kimyaçı akademikləri”, “Azərbaycan kimya elminin baniləri”, “Qərb regionunun aqrar və biologiya üzrə tanınmış elm xadimləri” və ”Fizika-riyaziyyat elmləri üzrə tanınmış gəncəli alimlər” adlı mövzular üzrə çıxışları dinlənilib.

Konfransda həmçinin, elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara Elm Günü münasibətilə “Fəxri Fərman” və “Təşəkkürnamə”lər təqdim olunub.

Tədbirin sonunda Elm Gününə həsr olunmuş konfransın iştirakçıları adından AMEA-nın prezidenti, akademik İsa Həbibəyliyə müraciət qəbul edilib.

Konfransın davamı olaraq, Gəncə ilə bağlı olan tanınmış akademiklərin - tibb elmimizin  görkəmli nümayəndəsi Zülfüqar Məmmədovun, Azərbaycan elektroenergetika elminin banisi Çingiz Cuvarlının və aqrar elmimizin inkişafında öz izi olan Məmmədtağı Cəfərovun şəhərin qədim “Səbzikar” qəbristanlığındakı məzarları da ziyarət olunub.

Keçidlər