AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası olub
AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası olub
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev toplantının əlamətdar bir tarix – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində keçirildiyini qeyd edərək, müasir Azərbaycan dövlətçiliyinin əsaslarının qoyulmasının, ölkəmizin inkişaf strategiyasının formalaşdırılmasının bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu, onun əziz xatirəsinin Azərbaycanlıların və dünyada millətimizə rəğbət bəsləyən bütün insanların ürəklərində yaşadığını vurğulayıb. Akademik Fuad Əliyev Ulu Öndərin əsasını qoyduğu və onun layiqli davamçısı, möhtrəm Prezident İlham Əliyevin daha böyük uğurla davam etdirdiyi siyasi xətti bütün ziyalılarımızın, elm adamlarımızın daim dəstəklədiklərini və Azərbaycanın qüdrəti naminə daim öz töhfələrini verdiklərini bildirib.
Sonra Rəyasət Heyətinin cari iclasının gündəliyindəki məsələlər haqda məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları ilə AMEA-nın sədrinin elmi işlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarova və Elm və Təhsil Nazirliyinin Gəncə Nəbatat bağının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ramidə Quliyevaya dosent elmi adları, həmçinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı Günel Novruzovaya pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bölmənin Nizami Gəncəvi Mərkəzinin əməkdaşı Çimnaz Vəliyeva isə elmi tədqiqat işlərindəki uğurlara görə AMEA-nın Rəyasət Heyətinin “Təşəkkürnaməsi”nə layiq görülüb.
Əlimuxtar Muxtarov “Elm” nəşriyyatında yeni çapdan çıxmış, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental monoqrafiyanı Bölmənin rəhbərliyinə təqdim edib. Bu əsərin nüsxələri Bölmənin elmi kitabxanasının fonduna qəbul edilib.