Amerika Birləşmiş Ştatlarının səfiri Gəncəyə səfər edib
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla nəzakət görüşü keçirib. Görüş zamanı Niyazi Bayramov səfir Mark Libbiyə Gəncə şəhərinin tarixi, mədəniyyəti, iqtisadi potensialı barədə ətraflı məlumat verib. Şəhər rəhbəri qeyd edib ki, tarixi İpək yolu üzərində yerləşən Gəncə sənaye sahəsində inkişaf etmiş şəhərlərdəndir.
Niyazi Bayrmov Gəncədə 3 universitet və 4 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu da səfirin diqqətinə çatdırıb. O, burada “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” və digər iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyini də vurğulayıb.
Şəhər rəhbəri Gəncənin Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Şəhərlər” proqramına qoşulduğunu bildirib. Bu məsələ 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP-29) sessiyasında da müzakirəyə çıxarıldığını səfirin diqqətinə çatdırıb.
Bununla yanaşı, görüşdə o da qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir.
Söhbət zamanı şəhər rəhbəri Gəncə ilə ABŞ arasında olan əlaqələrdən də söz açıb.
Səmimi qəbula görə öz minnətdarlığını bildirlən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi, Gəncədə olmaqdan məmnunluq ifadə edib. O, Gəncədə olduğu müddətdə bir sıra görüşlərin keçirəcəyini diqqətə çatdırıb. Həmçinin, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında şəhər rəhbəri ilə geniş müzakirələr aparıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirlib.