Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Azərbaycan dili milli kimliyimizin, mədəniyyətimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

01 avqust 2025 | 09:17

Hər il avqustun 1-də ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar gün yalnız dilimizin bayramı deyil, eyni zamanda xalqımızın milli kimliyinə, tariximizə və dövlətçiliyimizə bağlılığının rəmzidir. Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı yolunda atdığı mühüm addımlar, göstərdiyi prinsipial mövqe bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirilir.

Sovet dövründə, xüsusilə 1970-ci illərdən etibarən Azərbaycan dilinin sıxışdırılması halları artmağa başlamışdı. Bu dövrdə SSRİ Konstitusiyasının qəbulu ilə milli dillərin hüquqları daha da məhdudlaşdırıldı. Belə bir şəraitdə ana dili məsələsini gündəmə gətirmək cəsarət tələb edirdi. Məhz bu çətin illərdə Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunması və inkişafı uğrunda qətiyyətli mübarizəyə başladı. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası əlavə olundu. Bu, o dövrdə böyük siyasi iradə və xalqın milli ruhuna bağlılığın təzahürü idi.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi status alması prosesi 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə daha da möhkəmləndirildi. Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlətimizin əsas atributlarından birinə çevrildi.

Azərbaycanın müstəqillik əldə etməsindən sonra dil siyasəti daha da sistemli şəkildə həyata keçirilməyə başlandı. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu sahədə mühüm mərhələ oldu. Həmin Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası yaradıldı. Eyni zamanda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalanaraq 1 avqustun rəsmi şəkildə qeyd olunması qərara alındı. Bu addımlar ana dilimizin dövlət və cəmiyyət həyatında möhkəmlənməsinə xidmət etdi.

Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan dilinin inkişafı üçün ardıcıl tədbirlər görmüşdür. Onun rəhbərliyi ilə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı nümunələrinin ana dilimizə tərcüməsi, dilimizin qloballaşma şəraitində qorunmasına dair Dövlət Proqramı kimi layihələr reallaşdırılmışdır. 2018-ci ildə qəbul olunmuş “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da dövlət dilinin müasir dövrdə istifadəsini daha səmərəli hala gətirmişdir.

Azərbaycan dilinin qorunması və inkişafı həm də milli-mənəvi dəyərlərimizin yaşadılması deməkdir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bugünkü Azərbaycan gəncliyi bu fikirləri rəhbər tutaraq dilinə sahib çıxmalı, onu öyrənməli, sevməli və yaşatmalıdır.

Nəticə etibarilə, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyimizin, mədəniyyətimizin və dövlətçiliyimizin əsas sütunudur. Avqustun 1-i isə bu dəyərlərin təntənəsi, tarixə və mədəniyyətə ehtiramın simvoludur. Ana dilimizi qorumaq hər birimizin borcudur – çünki dilimiz bizim varlığımızdır.

 

Niyazi Bayramov

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

Keçidlər