“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar yaradılan İşçi qrupunun iclası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 2023-cü il tarixli 801s nömrəli Sərəncamının 1.3-cü hissəsinin icrası ilə bağlı İşçi qrupunun onlayn toplantısı keçirilib.
ZOOM platforması üzərindən keçirilən onlayn görüşdə sözügedən İşçi qrupunun üzvü, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev də iştirak edib.
Toplantıda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edərək Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlərdən danışıb. ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov isə cari il ərzində görülmüş işlərin ilkin nəticələrini açıqlayıb.
Daha sonra isə Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.