Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Texnologiya Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfransı keçirilib

06 noyabr 2023 | 18:43

8 Noyabr-Zəfər Günü ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, millət vəkili Pərvin Kərimzadə,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya mərkəzinin baş icraçı direktoru Fariz Cəfərov, elmi işçilər, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü və universitet ərazisində ucaldılmış Şəhidlər abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.

Yaşar Ömərov giriş sözü ilə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı 30 illik işğaldan azad etməsindən və bu zəfərin qazanılmasında yüksək texnologiyaların rolundan danışıb.

Niyazi Bayramov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib və konfrasın gedişatına uğurlar arzulayıb.

Konfransın plenar iclasında strateji inkişaf və rəqəmsallaşma üzrə  müşavir Mehman Kərimovun təqdimatında “Sinerji və Tərəqqi: Universitet-Elm-Texnologiya-Sənayedə qarşılıqlı inkişaf trendləri” mövzusunda, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının dosenti, sənaye dizaynı üzrə elmlər doktoru İmaş Hacıyevin təqdimatında “Müasir dövrdə elm və texnologiyaların inkişafında dizaynın rolu” mövzusunda məruzələr dinlənilib.

İki gün davam edəcək konfrans plenar iclasdan sonra öz işini 12 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransın məcmuələr toplusuna 300-ə yaxın tezis daxil edilib

Keçidlər