Azərbaycan Texnologiya Universitetində “Məzun-2024” əmək yarmarkası keçirilib
Tədbir Azərbaycan Texnologiya Universitetin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dosent Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Bildirib ki, ATU öz məzunlarının ixtisaslarına müvafiq işlərlə təmin olunmasında maraqlıdır. Bu dəfəki platformada universitetin bütün ixtisaslarına uyğun 50-ə yaxın beynəlxalq və yerli, dövlət və özəl şirkətin işaxtaran qismində çıxış etdiyini vurğulayan Y.Ömərov əlavə edib ki, “Məzun–2024” əmək yarmarkasının üstün cəhətləri iri müəssisələrin çoxluğu, təklif olunan iş yerlərinin müxtəlif bölgələri, şəhər və rayonları əhatə etməsidir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov da çıxış edərək belə tədbirlərin tələbələrin və məzunların əmək bazarına daxil olmasına kömək etdiyini bildirib, işaxtaran məzunlara gələcək karyeralarında uğurlar arzu ediblər.
Tədbir çərçivəsində ATU-nun əməkdaşlıq etdiyi müəssisələrdən olan “Bakcell” şirkəti tərəfindən Ümumi Orta Müvəffəqiyyət Göstəricisi yüksək olan bir qrup məzuna hədiyyələr verilib. Hədiyyələri “Bakcell”in regional satış meneceri Bəxtiyar Əliyev təqdim edib.
Rısmi hissədən sonra məzunlar müəssisələrin stendlərinə yaxınlaşıb, təklif edilən vakansiyalarla tanış olub, təmsilçilərə şəxsi məlumatlarını, CV formalarını təqdim ediblər.
Qeyd edək ki, “Məzun–2024” əmək yarmarkasında Azərbaycan Dəmir Yolları, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, ASAN xidmət, BP, Coca-Cola, McDonalds, Paşa Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bakcell, Nar, AzerGold, Azərşəkər, Azersun, Azəralüminium, Gəncə Avtomobil Zavodu, Qəbələ Konserv Zavodu, AzGranata, Şirvan Şərabları, Mingəçevir Tekstil, Gəncə Tekstil, Ulduz Şokolad Fabriki, Veysəloğlu, 5 ulduzlu Çinar, Qarabağ və Qaşaltı otelləri və digər müəssisələr tərəfindən 500-dən çox vakansiya təqdim edilib.