Azərbaycan Texnologiya Universitetinin Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransı keçirilir
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
İki günlük konfransın açılış tədbiri Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədr müavini, elmi işçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Üummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.
Konfransda Yaşar Ömərov çıxış edərək, tədbirin mövzusunun aktuallığını diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq elmi-praktik konfransa Malayziya, Macarıstan, Hindistan, Avropa və MDB də daxil olmaqla ümumilikdə 15 ölkədən 250-yə yaxın tezis göndərilib. Ümumilikdə isə konfransın məcmuələr toplusuna 750-yə yaxın tezis daxil edilib.
Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Açılış tədbirində Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü Əli Abbasov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin department rəhbəri Fatimə Ələkbərova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Ayaz Museyibov, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament rəhbəri Natəvan Həsənova, xarici ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, sənaye müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri onlayn formatda qoşularaq çıxışlar ediblər.
Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan və Belarusdan, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan elm adamlarının çıxışlarından sonra plenar iclasın məruzələri dinlənilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament direktoru Natəvan Həsənova, Qəbələ Konserv zavodunun direktoru Özgür Demirkıran və Türkiyənin On Doqquz May Universitetinin mərkəz direktoru Sedat Akleylek elmin aktual mövzularından bəhs ediblər.
Qeyd edək ki, konfrans 03-04 may 2023-cü il tarixində 10 istiqamət üzrə bölmələrdə öz işini davam etdirəcək.