"Azəriqaz" İB-nin baş direktoru Gəncədə vətəndaş qəbulu keçirib
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Gəncə şəhərində vətəndaşlarla görüşüb. Görüşdən əvvəl Azər Məmmədov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Vətəndaş qəbulunda Gəncə şəhəri ilə yanaşı, ətraf bölgələrdən olan sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, habelə işə qəbulla bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.