"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Gəncədə olub
Məlumat veridyimiz kimi, Gəncə şəhərinin içməli su və çirkab su xətləri sistemlərinin yenidənqurulmasını hədəfləyən "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin icrası davam edir. Bununla əlaqədar olaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədovun rəhbərlik etdiyi heyət Gəncə şəhərində görülən işlərlə yerində tanış olub.
Etibar Məmmədov səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb və birgə "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində şəhərin Təbriz küçəsində aparılan işlərlə tanış olublar.
Bildirilib ki, icrasına 2011-ci ildə başlanılan layihənin 4-cü mərhələsi üzrə işlər 2020-ci ilin sonlarında müvəqqəti dayandırılmışdı. Prezident İlham Əliyevin layihənin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişinə əsasən, layihə üzrə işlər cari ilin sentyabr ayının əvvəlindən davam etdirilməyə başlayıb. Hazırda, Təbriz küçəsində içməli su xətlərinin çəkilməsi üzrə 4, çirkab su xətlərinin çəkilməsi üzrə 2 briqada çalışır. Layihənin icrası Təbriz küçəsi ilə yanaşı, Pərviz Səmədov və Şota Rustaveli küçələrində də həyata keçirilir.
Görülən işlərlə yerində tanış olan rəsmilər aidiyyət üzrə tapşırıq və tövsiyələrini veriblər.