“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi Gəncə şəhərindən start götürüb
Velosipedçilər bu mərhələdə Gəncədən Naftalana qədər 152,8 kilometr məsafə qət edəcəklər. Yarışın startı Gəncə şəhərində Heydər Əliyev prospektindən verilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Azərbaycan Velosiped İdman Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, ADAU-nun rektoru Zəfər Qurbanov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Start siqnalı Niyazi Bayramovun iştirakı ilə verilib və velosipedçilər prospekt boyunca hərəkətə başlayıblar.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.






