Baş prokuror Kamran Əliyev Gəncə şəhərində vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror Kamran Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramını bildirib.
Daha sonra Baş prokuror Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində dağılan əraziyə gəlib, şəhid olan mülki şəxslərin xatirəsini yad edib.
Qəbulda iştirak edən 74 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.