BP şirkətinin nümayəndə heyəti Gəncədə olub
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə və Samux rayonuna səfər edib. Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetində olublar. Əvvəlcə Universitetin Aqronomluq tədris korpusunda müasir laboratoriyalar və baramaçılıq tədrsi mərkəzinə baş çəkiblər. Sonra Tələbə evlərində yaradılan müasir şəraitlə tanış olub, qapalı və açıq balıq yetişdirmə, həmçinin istixana komplekslərinə baxış keçiriblər.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəylinin, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevanın, millət vəkilləri Pərvin Kərimzadənin, Müşfiq Cəfərovun, rektorların, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, müəllim və tələbə heyətinin iştirakı ilə ADAU-nun Tələbə parkında tədbirin rəsmi hissəsi keçirilib.
Tədbirdə çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov qonaqları salamlayaraq birgə həyata keçiriləcək layihələr haqqında məlumat verib, bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həyata keçiriləcək layihələrin önəmindən danışıb. Bildirib ki, BP və tərəfdaşlarının yerli universitetlərlə sıx əməkdaşlığı ölkədə tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetlərin potensialının artırılmasına istiqamətlənib. Aqrar Universitetdə reallaşan yeni layihə ingilis dili tədrisinin keyfiyyətini və potensialını daha da yaxşılaşdırmağa kömək edəcəyini diqqətə çatdırıb.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons çıxışında ADAU ilə BP arasında imzalancaq memorandumun mahiyyətindən danışıb. Universitetin nəşriyyat potensialının və resurslarının inkişaf etdirilməsi, eləcə də ümumi elmi-tədqiqat infrastrukturunun təkmilləşdirilməsi planlarına dəstək məqsədilə bu iki təşkilat arasında sıx əməkdaşlıq üçün zəmin yaratdığını deyib.
Nərgiz Hacıyeva bildirib ki, bu gün BP öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş yeni təhsil layihəsinin başlanmasını elan edib.
Sonra BP ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Nahar fasiləsində qonaqlar Universitetin Aqronomluq fakültəsinin yeməkxanasında tələbələrlə birlikdə nahar edib, daha sonra Tədris-təcrübə təsərrüfatı ilə tanış olublar. Bununla yanaşı, qonaqlar Gəncədə yaradılan Ekoloji Park Kompleksini ziyarət edib, burada aparılan tikinti işləri ilə yerində tanış olublar.
Daha sonra rəsmilər BP şirkətinin nümayəndə heyəti ilə birgə Gəncə şəhərindən Samux rayonunun Çobanabdallı kəndinə yola düşüblər. Burada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə görüşüblər və Çobanabdallı kəndində Yaşıl Ürək layihəsinin ağacəkmə sahəsini ziyarət edib, fəaliyyəti iə tanış olublar. Eyni zamanda, ərazidə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.