Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
1885-ci il sentyabrın 18-də Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, alim və ictimai xadim Üzeyir Hacıbəyli dünyaya gəlib. Bu əlamətdar tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 2009-cu ildən etibarən isə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi ən böyük töhfələrdən biri “Leyli və Məcnun” operasıdır. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında 1908-ci ildə ərsəyə gələn bu əsər Azərbaycanın və Şərqin ilk operası kimi musiqi tariximizdə mühüm yer tutur.
Dahi bəstəkar bununla yanaşı, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm” kimi milli operalar, eləcə də Azərbaycanda musiqili komediya janrının ilk nümunələrindən olan “Ər və arvad” əsərini yaradıb.
Üzeyir Hacıbəyli 300-dən çox xalq mahnısını nota salıb, müxtəlif janrlarda qiymətli əsərlər yazıb. Onun yaradıcılığı Azərbaycan professional musiqisinin inkişafında müstəsna əhəmiyyət daşıyır.
Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsini ehtiramla yad edir, zəngin musiqi irsimizin yaşadılmasında əməyi olan bütün sənət adamlarını təbrik edirik!
18 Sentyabr – Milli Musiqi Günümüz mübarək!






