Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Bu gün Ağdam Şəhəri Günüdür

20 noyabr 2023 | 10:44

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.

Keçidlər