“Diaspor gəncləri 1+1” Proqramı çərçivəsində 3 fərqli ölkədən 6 gənc Gəncə şəhərinə səfər edib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Diaspor gəncləri 1+1” Proqramı çərçivəsində 3 fərqli ölkədən olan 6 gənc Gəncə şəhərinə səfər edib. Səfər iştirakçıları arasında Özbəkistanın Daşkənd, Böyük Britaniyanın London və Kanadanın Toronto şəhərində yaşayan 3 azərbaycanlı gənc və həmin ölkələrdə ictimai-siyasi proseslərdə, sosial şəbəkələrdə fəal olan 3 əcnəbi gənc yer alıb.
Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində gənclərlə görüş təşkil olunub. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından qonaqları salamlayıb və onlara şəhər haqqında ətraflı məlumat verib. Gənclərə Gəncənin tarixi, mədəniyyəti, iqtisadi potensialı, burada fəaliyyət göstərən təhsil müəssisələri və mədəniyyət ocaqları barədə geniş məlumat təqdim olunub. Həmçinin, bu il keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin, o cümlədən əsas idman yarışlarının Gəncə şəhərində baş tutacağı diqqətə çatdırılıb.
Daha sonra 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması, mülki əhaliyə qarşı yönəlmiş bu terror aktının nəticələri barədə danışılıb, qonaqlara fotoşəkillər nümayiş etdirilib.
Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Gəncə şəhərinə səfər çərşivəsində gənclər Nizami Gəncəvi Məqbərə Kompleksini, “İmamzadə” dini ziyarətgah kompleksini, A.Nevski adına rus provoslav kilsəsini, Şah Abbas - Cümə Məscidini və Cavad xan türbəsini ziyarət ediblər.
Qeyd edək ki, “Diaspor gəncləri 1+1” Proqramı çərçivəsində ölkəmizə səfər edən gənclər Azərbaycanın multikultural dəyərləri, uzun illər işğal altında olan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə erməni vandalizmi və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olacaqlar. Gəncəyə səfərdən əvvəl Bakıda olan gənclərin növbəti günlərdə Bərdə, Şuşa, Xankəndi, Ağdam və Xocalıya səfərləri planlaşdırılır.






