DİİXİHİ Gəncə Şəhər Komitəsinə yeni sədr seçilib
Azərbaycan Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə Şəhər Komitəsinə yeni sədr seçilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov və komitə üzvləri iştirak ediblər.
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Həmkarlar ittifaqları demokratik vətəndaş cəmiyyətinin əsas elementlərindən biri kimi ölkə həyatının bütün sahələrində fəaldırlar. Şəhər rəhbəri bu istiqamətdə görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayaraq, tədbirin gedişatına uğurlar arzulayıb.
Hikmət Osmanov qeyd edib ki, DİİXİHİ dövlətin dayaqlarının möhkəmlənməsi, insanların əmək və sosial hüquqlarının müdafiəsi istiqamətində mühüm işlər görüb. Həmçinin bildirib ki, dövlətin inkişafı həmkarlar ittifaqı təşkilatlarının da işini asanlaşdıraraq, onların möhkəmlənməsinə təkan verib.
Çıxışlardan sonra DİİXİHİ Gəncə Şəhər Komitəsinin sədri vəzifəsinə Fərzəliyev Mahmud Hacı oğlunun namizədliyi irəli sürülüb. Təklif səsə qoyularaq qəbul olunub və Mahmud Fərzəliyev Gəncə Şəhər Komitəsinin sədri vəzifəsinə seçilib.
Toplantı iştirakçıları yeni sədri təbrik edərək işlərində uğurlar arzulayıblar. Mahmud Fərzəliyev minnətdarlıq edərək göstərilən etimadı doğrultmaq üçün səylə çalışacağını bildirib.
Qeyd edək ki, bundan öncə DİİXİHİ Gəncə Şəhər Komitəsinin sədri vəzifəsində Ülviyyə Vəliyevə çalışıb. O, uzun sürən xəstəlikdən sonra vəfat edib.