DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində “Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir” adlı tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, Gəncədə yerləşən ali təhsil müəssisələrinin rektorları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Daha sonra tədbir Gəncə şəhər idarəsinin akt zalında davam edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib..
Tədbirdə çıxış edənlər Heydər Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs etmiş, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət açmış, onun dərin zəkası, geniş dünyagörüşü, hadisələri düzgün təhlil etmək bacarığı, savadı və istedadı sayəsində əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlməsi qeyd olunub. Natiqlər müstəqillik qazanıldıqdan sonra da Ulu Öndərin heç zaman təhlükəsizlik təşkilatından öz dəstəyini əsirgəmədiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulayıblar.
Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.