Əməkdar artist Lalə Məmmədova Gəncədə solo konsert proqramı ilə çıxış edib
23 Fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədova F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Darıxmışam” adlı solo konsert proqramı ilə çıxış edib.
Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Milli Aviasiya Akademiyası rektorunun köməkçisi, dosent Gülnarə Əhmədova və MAA əməkdaşları, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri qonaq qismində iştirak ediblər.
Sevilən müğənninin ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin mahnıları səslənib. Lalə Məmmədovanı konsertdə Xalq artisti Rəfael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri müşayiət edib. Konsertin ikinci hissəsində isə Əməkdar artist tamaşaçıların qarşısında sevilən estrada musiqiləri ilə çıxış edib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.