“Ganja Open 2025” beynəlxalq şahmat festivalı başa çatıb
Azərbaycan Şahmat Federasiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Ganja Open 2025” şahmat festivalı yekunlaşıb.
Bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, "Təhsil" RİM Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov və digər rəsmilər iştirak ediblər.
Festivalda 12 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Turnirin A qrupunda 7 xal toplayan hindistanlı şahmatçı Leon Mendonca birinci yeri qazanıb.
B qrupunda isə Emil Mehrəliyev 8 xal toplayaraq bütün rəqiblərini geridə qoyub. 7,5 xal əldə edən Amin Qurbanov və Əlisəfa Zeynallı müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Rapid yarışında azərbaycanlı şahmatçı Xəzər Babazadə, blits turnirində isə özbəkistanlı Muhammadzohid Suyarov qalib gəlib.
Festivalda çıxış edən təmsilçimiz Tunar Davudov ilk Beynəlxalq Usta normasını yerinə yetirib.
Yarışın ümumi mükafat fondu 41.200 AZN təşkil edib. A qrupunun qalibi 10.000 AZN, B qrupunun birincisi isə 1.100 AZN mükafat qazanıb.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində təşkil olunub.






