GDU-da "20 Yanvar-Qan yaddaşımız" adlı tədbir keçirilib
18 yanvar 2023 | 18:07
Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
"20 Yanvar-Qan yaddaşımız" adlı tədbirdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar faciəsi xalqımızın mübarizliyini, əzmliyini, məğrurluğunu nümayiş etdirib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşüb. Tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutulmasına, ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqətindən bəhs olunub.
Daha sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş edilib. Tədbirin ədəbi-bədii hissəsi universitetin istetdadlı tələbələrin çıxışları ilə davam edib.