GDU-da “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində “Qarabağ Azərbaycandır!” adlı tədbir təşkil olunub.
Təbirdə Gəncə Şəhər Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərə həsr edilmiş xatirə guşəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Niyazi Bayramov Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb. Şəhər rəhbəri qeyd edib ki, Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Yusif Yusibov bildirib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycanın iftixar və qürur mənbəyinə çevrilib. Xalqımız və rəşadətli Ordumuz Şanlı tarix yazaraq 44 gündə 30 illik işğala son qoyub, ərazi bütövlüyümüz bərpa olunub. Rektor onu da vurğulayıb ki, möhtəşəm Zəfərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb.
Tədbirdə çıxış edən Recep Öztop və Bayram Aslanov da öz növbələrində Vətən müharibəsi zamanı qazanılan qələbədən danışıblar və tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.
GDU-nun məzunu şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova, şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov, şəhid Kərəm Həsənovun həyat yoldaşı Nərmin Həsənova və Vətən müharibəsi iştirakçısı Orxan Əliyev ölkəmizin şanlı tarixinə qəhrəmanlıq səhifələri yazan qorxmaz igidlərdən qürurla danışıblar. Çıxış edənlər şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Zəfər Gününə həsr edilən tədbir tələbələrin vətənpərvərlik ruhunda hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.