GDU-da “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə GDU-nun rektoru Yusif Yusibov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ATU-nun rektoru Yaşar Ömərov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndələri, yerli və xarici ali məktəblərin rektorları, elmi-tədqiqat institutlarının rəhbərləri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstandan olan alimlər, gənc tədqiqatçılar, müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransa Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab və rəsm sərgisinə baxışla başlanılıb. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Heydər Əliyevin siyasi irsinə həsr edilən videoçarx nümayiş etdirilib.
Rektor Yusif Yusibov açılış nitqində Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki müstəsna xidmətlərindən danışaraq, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan regionun aparıcı və suveren dövlətlərindən birinə çevrilib.
Adil Tağıyev konfrans iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq konfransın gedişatına uğurlar arzulayıb. O, konfransın mövzusunun aktuallığını qeyd edərək bildirib ki, Azərbaycan iqlim dəyişikliyi kimi qlobal problemlərə xüsusi həssaslıqla yanaşır. 2024-cü ildə COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Digər natiqlər də elmi konfransın müzakirə etdiyi mövzuların aktual olduğunu vurğulayaraq, təqdim olunacaq məruzələrin ekoloji və sosial problemlərin elmi həllinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Konfrans elmi məruzələrin dinlənilməsi və 16 bölmə üzrə iclaslarla davam edib.
Qeyd edək ki, tədbir çərçivəsində müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr olunmuş 500-dən çox elmi məqalə 5 cildlik kitab şəklində nəşr olunub.