GDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət ve iqtisad elmlərinin aktual problemləri" mözsunda beynalxalq elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra konfrans iştirakçıları Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil olunan kitablardan və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Konfransda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, İzmir Dokuz Eylül Universitetinin prorektoru Fatma Duyğu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransı giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb.
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycan əlaqələrinin inkişafında xüsusi rolundan danışıb. Hər iki dövlət arasındakı əlaqələrin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb. Hazırda bu dostluq münasibətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs edib. O qeyd edib ki, Ulu Öndər hər zaman elmin, təhsilin inkişafına xüsusi diqqət yetirmiş və gələcəkdə müstəqil Azərbaycana bacarıqlı, peşəkar kadrların lazım olacağını prioritet hesab etmişdir.
Beynəlxalq konfrans 15 bölmədə öz işini davam etdirib.
Qeyd edək ki, müzakirə olunan mövzularla bağlı təqdim olunan 616 məqalə 6 cildlik kitab şəklində nəşr olunub.