GDU-da yaz semestrinə ictimai baxış keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində mediatur təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, media nümayəndələri və valideynlər iştirak ediblər.
İştirakçılara imtahanların təşkili və keçirilməsi qaydaları barədə məlumat verilib. Bildirilib ki, müvafiq əmrin tələbləri əsasında bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahanların şəffaf və obyektiv təşkili üçün müasir kameralarla təchiz olunmuş auditoriyalar, eləcə də İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.
Yeniliklər çərçivəsində yazılı imtahanların qiymətləndirilməsinə digər universitetlərin mütəxəssisləri də cəlb olunub, test imtahanlarının server infrastrukturu yenilənib. “Ultra” şirkəti ilə əməkdaşlıq çərçivəsində “EduMan Platforması”nın müxtəlif modulları, o cümlədən elektron jurnal və imtahan idarəetmə sistemləri tətbiq edilir. Həmçinin, “Elektron İmtahan Sistemi” vasitəsilə test bazası, imtahan cədvəlləri və nəticələr mərkəzləşdirilmiş qaydada idarə olunur.
Mediatur zamanı iştirakçılar imtahanların gedişini auditoriyalarda və xüsusi müşahidə otağında izləyiblər, imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Qeyd edək ki, 02 iyun – 05 iyul 2025-ci il tarixlərini əhatə edən imtahan sessiyası yazılı, test, şifahi və qabiliyyət formatlarında keçirilir.






