Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə avtomobil zavodu İstehsalat Birliyi növbəti sosial layihəyə start verib

19 fevral 2026 | 15:17

Gəncə avtomobil zavodu İstehsalat Birliyi sosial layihələrin icrasını davam etdirir. Müəssisə bu dəfə “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” PHŞ-nin yetkinlik yaşına çatmış sakinlərinin işlə təmin olunmasına dəstək məqsədilə yeni layihəyə başlayıb. Bu məqsədlə Gəncədə yerləşən “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxs ilə Gəncə avtomobil zavodu İstehsalat Birliyi arasında niyyət sazişi imzalanıb.

Sazişə əsasən, hər iki qurum arasında yetkinlik yaşına çatmış yeniyetmələrin işlə təmin olunması barədə razılaşma əldə edilib və artıq uşaq evinin 3 nəfər 16 yaşı tamam olmuş yetirməsi ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq 0,5 ştat vahidi üzrə 4 saatlıq iş rejimində əmək haqqı ödənilməklə rəsmi əmək müqavilələri bağlanıb. İşə qəbul edilən yeniyetmələr zavodun digər əməkdaşları kimi xüsusi geyim, nəqliyyat və nahar yeməyi ilə təmin olunublar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub və işə qəbul olunan “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi”nin yetirmələri ilə görüşüb. O, yığım xəttində fəaliyyətə başlayan yeniyetmələr üçün yaradılan iş şəraiti ilə yaxından tanış olub.

Gəncə avtomobil zavodu İB-nin direktoru Amin Əliyev bildirib ki, müəssisədə müxtəlif peşə və yığım sahələrində çalışma imkanı mövcuddur və uşaq evi yetirmələri üçün bütün lazımi şərait yaradılacaq. Məqsəd onların orta məktəb təhsilini başa vurduqdan sonra istədikləri ixtisaslara yiyələnərək gələcəkdə işlə təmin olunmalarıdır.

Yeniyetmələrlə görüş zamanı Adil Tağıyev layihənin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, uşaq evi yetirmələrinin işlə təmin olunması onların gələcəkdə cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. O həmçinin vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı Azərbaycan gəncliyinin inkişafına mühüm töhfə verir. Başçı müavini yeniyetmələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara göstərilən etimadı doğruldacaqlarına ümid etdiyini bildirib.

Görüş zamanı “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi”nin yetirmələri onlara göstərilən etimada və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər