Gəncə Cihazqayırma Zavodunda mexaniki qaz sayğaclarının istehsalına başlanılır
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Cihazqayırma Zavodunda yeni yaradılmış istehsal kompleksi ilə tanış olub. Gəncə Cihazqayırma Zavodunun Beynəlxalq iqtisadi əlaqələr üzrə müdiri Emil Paşazadə istehsal müəssisəsinin fəaliyyəti və əldə olunan yeni anlaşmalar barədə Niyazi Bayramova məlumat verib.
O bildirib ki, Gəncə Cihazqayırma Zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən SOCAR rəhbərliyi burada mexaniki qaz sayğaclarının istehsal edilməsi ilə bağlı qərar qəbul edib. “Azəriqaz” İB-lə Gəncə Cihazqayırma Zavodu arasında yerli mexaniki qaz sayğaclarının istehsalına başlamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanıb. Əldə olunan razılığa əsasən Gəncə Cihazqayırma Zavodu birinci il 200 min ədəd, növbəti illərdə isə 400 min ədəd sayğac istehsal edəcək.
Bununla əlaqədar olaraq, zavoda əlavə texnoloji avadanlıq alınıb, sahəsi 1000 kv.metrdən çox olan istehsal kompleksi inşa edilib. Burada vahid dam altında 25 min ədəd qaz sayğacının komplekləşdirici hissələrinin yığıldığı anbar, alman istehsalı olan yüksək məhsuldar avadanlıqlarla təchiz olunmuş sex, qablaşdırma sahəsi və hazır məhsullar anbarı yerləşir. Bütün bunlar da ildə 500 min ədədədək qaz sayğacı istehsal etməyə imkan verəcək.
Hazırda sayğacların istehsalında əksəriyyəti qadın olan 30-dan çox şəxs çalışır. Metal emalı üzrə, plastik kütlənin tökülməsi üzrə, toz boyama üzrə müasir texnologiyalara və kifayət qədər istehsal sahəsinə sahib olan zavod perspektivdə sayğacların hissələrinin istehsalını lokallaşdırmağı planlaşdırır.