Gəncə Dövlət Dram Teatrında “Pəri Cadu” tamaşasının premyerası keçirilib
14 fevral 2024-cü il tarixində Gəncə Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” tamaşasının premyerası baş tutub. Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Pərvin Kazımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri qonaq qismində iştirak ediblər.
Teatrın Baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi “Pəri cadu” əsəri magik rеalist bir əsərdir. Buradakı obrazlar tapdalanmış qürurlarını təmin etmək üçün ən son edilməyəcək olan işləri çox rahatlıqla edirlər və bəlalara uğrayıb məhv olurlar. Əsər nəfsinə məğlub olmuş Qurban, Hafizə xanım, Pəri, Səlimə kimi insanların taleyindən bəhs edir.
Baş rollarda Əməkdar artistlər Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Ruslan Hüseynov, Emil Salmanov və Elmir Məmmədov iştirak ediblər. Tamaşanın rəssamı Mehdi Hüseynovdur.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.