Gəncə Dövlət Kukla Teatrı Yeni il tamaşası ilə uşaqları sevindirib
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Kukla Teatrında şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il tamaşası nümayiş olunub.
Xüsusi proqram əsasında hazırlanmış tamaşada Qrinç adlı personajın Yeni il xəyallarından, onun Şaxta baba olmaq arzusundan bəhs edilir. Qrinç bu xəyalını reallaşdırmaq üçün müxtəlif yollara əl atır, hətta oğurluq etməkdən belə çəkinmir. Baş verən maraqlı hadisələrin yekununda Şaxta baba gələrək, oğurluğun yaxşı əməl olmadığını ona izah edir və beləcə, əksər uşaq tamaşalarında olduğu kimi, səhnə əsəri xeyirin şər üzərində qələbəsi ilə yekunlaşır.
“Qrinçin yeni il xəyalları” adlı əyləncəli tamaşaya quruluş verən teatrın baş rejissoru Şamil Məmmədli bildirib ki, səhnə əsəri üçün süni intellektin köməyi ilə yeni musiqilər hazırlanıb. Bununla yanaşı, tamaşada müxtəlif işıq və audio-visual effektlərdən istifadə olunub.
Müəllifi Zülfiyyə Əliyeva olan tamaşada rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, Saleh Cümşüdlü, Mahirə Haqverdiyeva, Nərmin Şərifova, Zülfiyyə Əliyeva və Nahidə Namazova ifa edirlər.
Qeyd edək ki, balaca tamaşaçılar “Qrinçin yeni il xəyalları”na yanvarın 5-dək gün ərzində 4 seans olmaqla tamaşa edə bilərlər.