Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Milli Dram Teatrında “Uzuncorab Pippi” tamaşası nümayiş olunub

03 iyun 2024 | 09:16
 
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kollektivi Gəncə Dövlət Milli Dram Teatrının böyük səhnəsində İsveç yazıçısı Astrid Lindqrenin “Uzuncorab Pippi” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa ilə çıxış edib.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş olunan tamaşa 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Tamaşanı İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Yadigar Bədəlov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Uşaq Evinin sakinləri, şəhid və qazi övladları, həmçinin məktəblilər izləyiblər.
 
İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson çıxış edərək balaca tamaşaçıları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. O bildirib ki, İsveç uşaq ədəbiyyatının ən məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Pippi” səhnə əsəri Azərbaycan dilində ilk dəfə 2016-cı ildə nümayiş olunub. Astrid Lindqrenin səhnə əsərinin əsl ruhunu əks etdirmək məqsədilə, İsveçin Azərbaycandakı səfirliyi tərəfindən İsveçin tanınmış teatr rejissoru Ronny Danielssonu tamaşanın hazırlanması prosesinə cəlb edib.
Səhnə əsəri uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
 
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə paytaxt teatrlarının regionlara təşkil olunan qastrol səfərləri, bölgələrdə mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaq məqsədi daşıyır.
Keçidlər