Gəncə Dövlət Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası gerçəkləşib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Dövlət Milli Dram Teatrının repertuar siyasətinə uyğun olaraq, Vaqif Əmiraslanın “Gülüstan” pyesinin motivləri əsasında hazırlanan eyniadlı yeni səhnə əsərinin premyerası böyük uğurla baş tutub.
Premyerada Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev, şəhid ailələri, müharibə iştirakçıları,mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri tamaşaçı qismində iştirak ediblər.
Tamaşa 44 günlük Vətən müharibəsinin ədəbi-bədii salnaməsini özündə əks etdirir.
Yeni səhnə əsərinin ərsəyə gəlməsində peşəkar yaradıcı heyət iştirak edib. Tamaşanın müəllifi və quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov, qrafik tərtibatçısı Sübhan İbrahimov, məsləhətçisi isə teatrın quruluşçu rejissoru Şahmar Məmmədovdur.
Səhnə əsərində teatrın geniş yaradıcı heyəti iştirak edib. Tamaşada Əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Kəmalə Məmmədova, aktyorlar Zülfiyyə Əliyeva, Samir Abbasov, Zəminə Cəfərova, Emil Salmanov, Elmir Məmmədov, Zeynəb Abdullayeva və digərləri yer alıblar.
Premyera tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.






