Gəncə Dövlət Universiteti dünya universitetlərinin innovasiya reytinqində ilk 100 universitet arasına düşüb
Azərbaycan universitetləri arasında ilk dəfə olaraq Gəncə Dövlət Universiteti WURI (The World University Rankings for Innovations – www.wuri.world) reytinq sistemində 16 kateqoriyadan biri olan “A8. Qlobal çağırışlara DİM-əsaslı cavablar (A8. SDG-Based Responses to Global Challenges)” üzrə ilk 100 universitet siyahısına daxil olub. Reytinqin nəticələri 12 iyul 2025-ci ildə Filippində keçirilən “WURI – 2025 Hibrid Konfransı”nda açıqlanıb.
Qeyd edək ki, qiymətləndirmə prosesinə Gəncə Dövlət Universitetinin əməkdaşları mütəxəssis kimi cəlb edilib. Prosesdə iştirak edən əməkdaşlar Cənubi Koreyada 24-26 sentyabrda keçiriləcək “WURI qlobal konfransı”na dəvət alıb. Onlara “İnnovasiya sahəsində mütəxəssis” beynəlxalq sertifikatı təqdim ediləcək.
WURI reytinq sistemi 2020-ci ildən təşkil olunub. Sistem universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini (SDGs) təhsil və tədqiqat fəaliyyətlərinə necə inteqrasiya etdiyini ölçür. Qiymətləndirmədə təhsil keyfiyyəti, iqlimlə bağlı fəaliyyət, bərabərsizliklərin azaldılması və dayanıqlı şəhərlərin təşviqi kimi sahələr əsas götürülür. Həmçinin tələbələrin və ictimaiyyətin qlobal çağırışlara cavab vermə bacarıqları da nəzərə alınır.
Universitet müsabiqəyə Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzinin tərəfdaşlığı ilə hazırlanmış Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhfələr əsasında müraciət edib. Plan Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı və Gəncə Dövlət Universitetindən ibarət konsorsium tərəfindən tərtib olunub. 15 illik plan çirklənmiş ərazilərin təmizlənməsi, enerji səmərəliliyinin artırılması, yaşıl ərazilərin salınması, ictimai nəqliyyat şəbəkəsinin, su və kanalizasiya infrastrukturunun qurulması, tullantıların idarə olunması kimi sahələri əhatə edir. Universitet əməkdaşları layihənin yerli koordinatoru kimi çıxış edib.
Müsabiqəyə 87 ölkədən 1253 universitet 16 kateqoriya üzrə 4866 layihə ilə müraciət edib. WURI reytinq sistemi innovativ yanaşmaları əsas götürərək ali təhsil müəssisələrini ruhlandırmaq məqsədi güdür. Sistem sənaye və cəmiyyətə təsiri, sosial məsuliyyət, etika, dürüstlük və gələcək potensialı dəyərləndirir.
Qeyd edək ki, bu universitetin innovasiya sahəsində ilk uğuru deyil. Cari ilin əvvəlində universitet eyni layihə ilə “Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsi”ndə Ətraf Mühit kateqoriyasında ilk 8 universitetdən biri seçilib. “THE Awards Asia” regionda ali təhsildə ən nüfuzlu mükafat sayılır və “Ali təhsilin Oskarı” kimi tanınır. Müsabiqə 10 kateqoriya üzrə keçirilmiş, hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşüb. Ümumilikdə 500-dən çox universitet iştirak edib. Gəncə Dövlət Universiteti bu mükafata namizəd göstərilən ilk Azərbaycan və Cənubi Qafqaz universiteti olub və Makao Elm və Texnologiya Universitetində keçiriləcək mərasimə dəvət alıb.
Bu uğurlar göstərir ki, Gəncə Dövlət Universiteti akademik və elmi-tədqiqat istiqamətində inamla irəliləyir. Nailiyyətlər beynəlxalq reytinq göstəricilərinə birbaşa müsbət təsir edib.






