Gəncə Dövlət Universitetində “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş ”Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov, Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru Məhəmməd Babanlı, Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Navar Məhəmməd Tahir, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Gəncə Dövlət Universitetinin V tədris korpusunda təşkil edilən konfransda qonaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Yusif Yusibov konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib. Rektor çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin respublikamızda “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, "yaşıl" texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib.
Niyazi Bayramov çıxış edərək bildirib ki, xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayanır. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır. Şəhər rəhbəri onu da bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan ölkələrdəndir. COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Recep Öztop elmi konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıb. Mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağı vurğulayıb.
Konfransda alimlərin “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “Yaşıl”enerji”, “5-nitro, 2 asetoamido kadmium kompleksinin sintezi və kristal quruluşu”, “Təmiz ətraf mühit və ekoloji tarazlığın qorunmasında çay hövzələrinin bitki örtüyünün rolu” mövzusunda elmi məruzələri dinlənilib. Həmçinin ekoloji problemlər, onlardan çıxış yolları və gənc nəslin maarifləndirilməsi istiqamətində görülə biləcək işlər müzakirə edilib.
Beynəlxalq elmi konfrans öz işini 16 bölmə iclası ilə davam etdirib.
Qeyd edək ki, elmi konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 7 ölkədən daxil olan 700-dən çox məqalə, 5 cilddə kitab nəşr olunub.