Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Dövlət Universitetində Zəfər Günü böyük təntənə ilə qeyd edilib

06 noyabr 2023 | 19:21

8 Noyabr-Zəfər Günü ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq  Gəncə Dövlət Universitetində “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.

Təbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərə həsr edilmiş xatirə guşəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

Niyazi Bayramov Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb.  

Yusif Yusibov qeyd edib ki, 44 gün davam edən və torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Rektor onu da vurğulayıb ki, Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də 44 günlük Vətən müharibəsinin ilk anlarından könüllü olaraq cəbhəyə gedib,  torpaqlarımızın düşməndən azad olunmasında fəallıqla iştirak edib və 18 nəfər gənc şəhidlik zirvəzinə ucalıblar.

Tədbirdə çıxış edən Recep Öztop və Bayram Aslanov da öz növbələrində Vətən müharibəsi zamanı qazanılan qələbədən danışıblar və tədbir iştirakçılarını Zəfər Günü münasibətilə  təbrik ediblər.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, GDU-nun məzunu şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova, şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov və Vətən müharibəsi iştirakçısı Nizami Həsənov çıxışlarında onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Zəfər Gününə həsr edilən tədbir tələbələrin vətənpərvərlik ruhunda hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.

Keçidlər